ABŞ-da qitələrarası ballistik raketin yeni sınağı keçirilib

Birləşmiş Ştatlar mayın 1-də “Minuteman III” qitələrarası ballistik raketin yeni sınağını keçirib.

Astv.News xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbə komandanlığının mətbuat xidmətinin məlumatına görə, sınaq Kaliforniya ştatındakı Vandenberq bazasında baş tutub. Raketin təlim başlığı 4,2 min mil (təxminən 6,75 min kilometr) məsafə qət edərək Sakit okeanda yerləşən Marşal adalarının Kvacaleyn atolu rayonundakı hədəfi vurub.

“Minuteman III” qitələrarası ballistik raketi mürəkkəb məlumattoplama qurğuları ilə təchiz olunub. ABŞ-ın Energetika Nazirliyi, Silahlı Qüvvələrin Strateji Komandanlığı (STRATCOM) və Pentaqon mütəxəssisləri bu məlumatlardan silahlanmada olan qitələrarası ballistik raketlərin hazırlığını və imkanlarını yoxlamaq üçün istifadə edirlər.

Raketlər, həmçinin anomal vəziyyət zamanı özünü məhvetmə komandası göndəriləcək xüsusi qurğu ilə təchiz edilib. Sınaqların məqsədi sistemin hazırlığını, effektivliyini və dəqiqliyini yoxlamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir