Azərbaycanın məşhur istirahət məkanı bərpa edilir – Təkliflər açıqlandı – FOTO

Bir vaxtlar istirahət məkanı və yay düşərgəsi kimi ad çıxaran Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.

Astv.news xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Hacıqabul gölünün ətraf ərazisində müxtəlif təyinatlı yeraltı və yerüstü kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə antropogen təsirlər nəzərə alınaraq ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.

İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər araşdırılıb, yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə tədbirlər planı hazırlanıb.

M.Əbdülhəsənov əlavə edib ki, tədbirlər planında Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatının müəyyən edilməsi, Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması, onların gölə axıdılmasının qarşısının alınması, ərazidəki neft quyularının ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməsi, gölətrafı drenaj sisteminin yaradılması, Kür çayından gölə su vurulması, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, gölün sanitar-mühafizə zonasında yaşıllıqların salınması və s. məsələlər öz əksini tapıb.

Şöbə müdiri onu da bildirib ki, gölün bərpası üçün Kür çayının və Şirvan kanalının suyundan istifadə edilməsi məsələsi gündəmdədir: “Həmin əraziyə “Meliorasiya və Su Təsərrüfatı” ASC su kanalı çəkir və bu kanalın son nöqtəsinin Hacıqabul gölü olması nəzərdə tutulur. Gələcəkdə göldən kiçik su tutarı kimi də istifadə edilməsi imkanları yarana bilər”.

Su ehtiyatlarının ətraf mühitin bir hissəsi olduğunu vurğulayan şöbə müdiri onların mühafizəsinin olduqca vacib olduğunu da nəzərə çatdırıb: “Su mənbələri nə qədər az çirklənərsə, bu, təbiətimiz üçün bir o qədər xeyirli olar. Azərbaycan azsulu ölkədir, suyun hər damlasının qədri bilinməli və qənaətlə istifadə olunmalıdır”.

Qeyd edək ki, Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Həmin dövrdə şərq ölkələrinə gedən tacirlər Böyük İpək Yolunun keçdiyi bu ərazidən istifadə edirdilər. Gölün köçəri və nadir quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malik olması bu ərazinin vaxtilə istirahət məkanı olmasına şərait yaratmışdı. Sovetlər dönəmində bu gölün sahilində, həmçinin balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olub.

Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.

Milli.Az

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qar 8 nəfərin ölümünə, 85 nəfərin yaralanmasına səbəb oldu

Ç Fev 12 , 2020
İranın şimalında yerləşən Gilan vilayətində yağan güclü qar 8 nəfərin ölümünə səbəb olub. Astv.news  Trend-ə istinadən xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. Onun sözlərinə görə, Rudbar rayonunda uçqun nəticəsində 5 nəfər, Rəşt şəhərində isə 2 nəfər qar təmizləyərkən hündürlükdən yıxılaraq həlak olub. Xaledi bir […]

Sosial

İdman

Video