“Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakı” mövzusunda konfrans keçirilib

Astv.News AZƏRTAC-a istinadən bildirir ki, Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 15 illiyinə həsr edilmiş “Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakı” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransın əhəmiyyəti barədə məlumat verib.

Bildirilib ki, Bəstəkarlar İttifaqı görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yanaşır. Bəstəkarlar İttifaqının Azərbaycan musiqisinin inkişafına və təbliğinə yönəlmiş yorulmaz fəaliyyəti xalqımızın musiqi mədəniyyəti tarixində ən parlaq səhifələrdən biridir. Hər il may və dekabr aylarında Bəstəkarlar İttifaqında Ulu Öndərin adı ilə bağlı musiqi tədbirləri keçirilir. Heydər Əliyevin nurlu obrazı bəstəkarları yeni əsərlər yaratmağa, sənətşünasları Ulu Öndərin şəxsiyyətinin və ideyalarının milli musiqi sənətinin inkişafı üçün əhəmiyyətinin açıqlanmasına həsr edilmiş yeni elmi araşdırmalara ruhlandırır.

Diqqətə çatdırıb ki, Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı barədə dəyərli ideyaları onun adını daşıyan fondun fəaliyyətinin əsasını təşkil edir. 2004-cü ildə yaradılmış və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu milli incəsənətin ən yaxşı nümunələrinin qorunub saxlanması, onun nailiyyətlərinin artırılması və dünya miqyasında təbliği işində əsası Ümummilli Lider tərəfindən qoyulmuş ənənələri ləyaqətlə davam etdirir.

“Azərbaycan Bəstəkarlar İttifaqı haqlı olaraq qürur duyur ki, Heydər Əliyev Fondunun bütün musiqi layihələrində onun sədaqətli köməkçisi olub. Bəstəkarlar İttifaqının üzvləri bu layihələrdə bilavasitə və fəal iştirak edirlər. Bu layihələr nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda da çox böyük əks-səda doğurub. Bu layihələr Heydər Əliyevin ideyalarını yaşadır, onun ədəbiyyata, sənətkarlara, mədəniyyətə, rəsm sənətinə, xalçaçılığa olan münasibətini əks etdirir. Heç də təsadüfü deyildir ki, artıq 15 ildir Heydər Əliyev Fondu bu ideyaları həyata keçirir və gerçəkləşdirir. Bu, çox böyük və əhatəli fəaliyyətdir. Bunun nəticəsidir ki, bizim bir sıra mədəniyyət nümunələrimiz UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilib. Bəstəkarlar İttifaqı bundan sonra da Fondun layihələrində yaxından iştirak edəcək. Bu gün keçirilən elmi-praktik konfrans da bunu bir daha sübut edir”, – deyə qeyd edilib.

Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Heydər Əliyev Fondunun “Üzeyir dünyası” musiqi layihəsi”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva “Heydər Əliyev Fondunun “Muğam ensiklopediyası” layihəsi haqqında”, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova “Muğam dünyası” beynəlxalq musiqi festivalının keçirilməsində Bəstəkarlar İttifaqının rolu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyev Fondunun “Fikrət zirvəsi” musiqi layihəsi” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Bəstəkarlar İttifaqı ilə Fondun fəaliyyəti arasında sıx əlaqə öz əksini tapıb.

Konfransda, həmçinin Bəstəkarlar İttifaqının Heydər Əliyev Fondunun musiqi layihələrində iştirakını əks etdirən videoçarx təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir