Bakıda kişi çirkli paltarını yumayan arvadını uşaqlarının gözü qarşısında bıçaqladı

Arvadını öldürməyə cəhddə təqsirli bilinən Seymur Soltanov Ali Məhkəməyə müraciət edib.

Astv.news  “Ölkə.Az”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin müraciətinə aprel ayının 24-də hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İstintaq yolu ilə müəyyən edilib ki, Seymur Soltanov 2014-cü ildən faktiki olaraq ayrı yaşadığı arvadı – 39 yaşlı Cəmilə Soltanovadan dəfələrlə barışmaq təkliflərinə rədd cavabı alması, uşaqlarını ona göstərməməsi səbəbindən qisas almaq qərarına gəlib. Bu məqsədlə 7 iyun 2016-cı ildə C.Soltanovanın işlədiyi 2 saylı uşaq evinin yaxınlığına gələrək işdən çıxmasını gözləyib. Cəmilənin azyaşlı oğlanları ilə birlikdə gəldiyini görüncə, ona hücum çəkib, uşaqların gözü önündə bıçaqla zərbələr endirib. Yaralı qadın ətrafdakı şəxslərin köməkliyi ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra S.Soltanov könüllü olaraq polisə gedib.

Təqsirləndirilən Seymur Soltanov ifadəsində arvadını öldürmək fikri olmadığını, onu qorxutmaq istədiyini göstərib:

“2000-ci ildə el adəti üzrə toy edib ailə qurmuşduq. Birgə nikahdan dörd övladımız var. 2014-cü ilə qədər Cəmilə ilə çox mehriban olmuşuq. Daim içki qəbul etdiyimə görə aramızdakı münasibətlər tamam pozulmuşdu. Ailəmlə birgə müxtəlif ünvanlarda kirayə qalmışıq”.
S.Soltanovun ifadəsinə görə, sonuncu dəfə kirayə qaldıqları mənzilin iki aylıq pulunu verə bilməyib. Elə bu səbəbdən də arvadı ilə aralarında narazılıq daha da kəskinləşib. Cəmilə uşaqlarını da götürüb bibisinin evinə gedərək orada yaşamağa başlayıb. Dəfələrlə münasibətləri düzəltməyi, ailəsini dağıtmamağı təklif etsə də, qadın razılaşmayıb. Ötən ilin iyun ayının 2-də isə oğlu ilə qızının ad günü münasibətilə tort alaraq ailəsinin yaşadığı ünvana yollanıb. Amma Cəmilə onu evə buraxmayıb:

“Hər dəfə çirkli paltarlarımı oğluma verirdim, aparırdı, Cəmilə də yuyub ütələyib geri göndərirdi. Sonuncu dəfə isə paltarlarımı yumayıb çirkli vəziyyətdə geri qaytarmışdı. Buna görə ona qarşı acıqlı idim”.

S.Soltanov deyib ki, hadisə baş verən gün Yeni Günəşli qəsəbəsindəki “Ballı market”in qarşısında avtobus gözləyərkən Cəmilənin uşaqlarla birgə piyada getdiyini görüb. Arxadan ona çataraq bıçaqla zərbə endirib. Ətrafa adamların toplaşdığını görüncə bıçağı yerə atıb və hadisə yerindən uzaqlaşıb. Binəqədi RPİ-nin 5-ci PB-ə gedərək könüllü təslim olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir