Bakıda Narkotiklərlə Mübarizə üzrə 37-ci Beynəlxalq Konfrans öz işinə başlayır

Bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) öz işinə başlayır.

Astv.news Trend-ə istinadən bildirir ki, iki gün davam edəcək Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarından ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaradacaq.

Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi”nə hədəflənmiş Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan Beynəlxalq Konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib. Beynəlxalq Konfrans birinci dəfə 1983-cü ildə Panamada keçirilib.

Qeyd edək ki, narkotiklərlə mübarizə üzrə Beynəlxalq Konfrans hərəsində 3 dəfə olmaqla Braziliya, Argentina, Meksika və Dominikanda, hərəsində 2 dəfə olmaqla Panama, Çili, ABŞ, Kolumbiya, Boliviya və Peruda, hərəsində 1 dəfə olmaqla Qvatemala, Ekvador, Baham adaları, Kosta Rika, Kanada, İspaniya, Türkiyə, İndoneziya, Rusiya, İtaliya və Niderlandda keçirilib.

Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir