Beynəlxalq Casusluq Muzeyində Lev Trotskinin qətlə yetirildiyi buz baltası nümayiş etdirilib


Astv.News AZƏRTAC – a istinadla xəbər verir ki, Vaşinqtonda yerləşən Beynəlxalq Casusluq Muzeyi indiyədək itirilmiş sayılan tarixi eksponatı – buz baltasını uzun illər ərzində ilk dəfə öz kolleksiyasında nümayiş etdirməyə başlayıb. Ehtimala görə, Xalq Daxili İşlər Komissarlığının məxfi agenti Ramon Markader (1932-1978) tanınmış siyasətçi və inqilabçı Lev Trotskini (1879-1940) bu silahla qətlə yetirib. AZƏRTACTASS agentliyinə istinadla xəbər verir ki, eksponatı muzeyə amerikalı tarixçi və sahibkar Kit Melton hədiyyə edib.

Buz baltasını tapmaq üçün Meksika, ABŞ, Rusiya, habelə Avropa ölkələrini gəzib-dolaşdığını vurğulayan kolleksiyaçı deyib: “Mən onu hər yerdə axtardım. Onu tapmaq üçün 40 il vaxt sərf etdim, əsliliyini müəyyən etmək üçün isə daha üç il vaxt lazım gəldi”.

Trotskinin qətlə yetirildiyi silah gözlənilmədən 2005-ci ildə Mexiko sakini Ana Alisiya Salasın evində tapılıb. Onun sözlərinə görə, buz baltası ona babası – məxfi polis əməkdaşı Alfred Salasdan miras qalıb. Qadın bildirib ki, Mexikoda mühacir həyatı yaşayan rus inqilabçısının qətlinin (21 avqust 1940-cı il) ertəsi günü buz baltası Meksika polisinin təşkil etdiyi mətbuat konfransında nümayiş etdirilib. Bu hadisə fotoda əks olunub. Həmin foto bizim günlərə qədər gəlib çıxıb və hazırda Meltonun sərəncamındadır.

Mətbuat konfransından sonra buz baltası polisin dəlillər anbarına göndərilib. 1946-cı ildə Alfred Salas xidmət yoldaşları ilə birlikdə kriminalistika muzeyi açmağı qərara alıb və buz baltasını özü ilə götürüb. Beləcə, Trotskinin qətlə yetirildiyi silah ilk dəfə sərgilənib. Bununla belə, naməlum şəxslər bu unikal artefaktı bir neçə dəfə oğurlamağa cəhd göstəriblər. Buna görə də Salas onu başqa buz baltası ilə əvəzləmək qərarına gəlib, yalnız onun surətinin sapını bir qədər qısaldıb, əslini isə evinə aparıb. Yeri gəlmişkən, buz baltasının oxşarı tezliklə həqiqətən oğurlanıb.

K.Melton buz baltasının əsliliyini müəyyən etməyə üç vaxt sərf edib və yalnız buna əmin olandan sonra onu satın alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir