İlham Əliyevin və Ərdoğanın dediyi həqiqət: “Dünya 5-dən böyükdür”

Politoloq: “Bu gün dünya üçün ən böyük təhlükə məhz beynəlxalq hüquq normalarının tapdalanmasıdır”

Azərbaycan prezidenti İlham Əliyev Real televiziyasına verdiyi müsahibədə Dağlıq Qarabağ problemindən danışarkən bu gün dünyada “Kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü bildirib:

“Mən həmişə demişəm ki, bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada ”Kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq”. Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dünyadakı ədalətsizliyə qarşı çıxışlar edib. O, ötən il BMT Baş Assambleyasının 73-cü sessiyasında BMT-ni və zülmə səssiz qalan üzv dövlətləri tənqid edib: “BMT Təhlükəsizlik Şurası dünyada baş verən zülmləri seyr edən və 5 daimi üzvə xidmət edən bir forma alıb. Dünya ”5″dən böyükdür. İnsanlığın ortaq vicdanının səsi olduğumuza inanırıq”.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, Azərbaycan prezidentinin bu çıxışı hazırkı dünyada mövcud olan vəziyyətin əyani təsviridir: “İlham Əliyev dünya siyasətini yaxşı bilən dövlət başçısı kimi orada gedən proseslərə yaxından bələd olan peşəkar siyasətçi, strateqdir və o bu fikirləri haqlı olaraq söyləyib. Həqiqətən də bu gün dünya düzənində vəziyyət prezidentin təsvir etdiyi kimidir. Beynəlxalq hüquq normaları güclülərin ayaqları altına atılır. Kimin gücü varsa, öz siyasi iradəsini yeritməyə çalışır. İkili standartlara da, BMT-nin qətnamələrinin də pozulmasına rəvac verən amil güc amilidir. Ən xoşa gəlməyən hal odur ki, bu proses son zamanlar daha artan sürətlə gedir. Bir neçə dövlət var ki, dünyanı öz diktəsi ilə idarə etmək iddiasındadır. Həmin dövlətlər özlərini dünya sanırlar. Dünya indi gücün əsarəti altındadır desək səhv etmərik. Bu gün dünya üçün ən böyük təhlükə məhz beynəlxalq hüquq normalarının tapdalanmasıdır, gücün ədaləti üstələməsidir.

Bu mənada cənab prezidentin müşahidələri tamamilə dəqiqdir. Bu gün Fələstinə dair BMT-nin 50-dən artıq qətnaməsi var, amma onların heç biri hələ də həyata keçirilməyib. Bu vəziyyəti yaradan yenə də bir neçə böyük dövlətdir. Azərbaycanın ərazisi işğal edilib, işğal amilindən danışırlar, BMT-nin işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələbi ilə 4 qətnaməsi var, lakin bu qətnamələrin də yerinə yetirilməsini tələb etmirlər. Ermənistanı açıq şəkildə işğalçı adlandırmırlar. Beləliklə, Dağlıq Qarabağ məsələsinə münasibətdə də beynəlxalq hüququn normalarının tapdanması açıq-aydın ortaya çıxır.  Çinin son illərdə güclənməsi isə dünyada nüfuz dairəsi uğrunda mübarizəni daha da şiddətləndirib. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü bu gün az qala müharibə vəziyyətindədir. Dünyadakı geoploitik duruma, beynəlxalq təşkilatların qərarlarına, verilən qərarların icra olunmamasına məhz onlar təsir edir. Beynəlxalq hüquq bu güclərə təsirsiz vəziyyətə gətirilib”.

Politoloq qeyd etdi ki, belə bir vəziyyətdə Azərbaycan təzyiqlərdən yan keçmək, təzyiqlər qarşısında duruş gətirmək üçün müəyyən imkanlara malikdir: “Prezident bəyan etdi ki, Azərbaycan milli maraqlara əsaslanan xarici siyasət yürüdür. Bu siyasət bizim təhlükəsizliyimizə xidmət edir. Mən düşünürəm ki, Azərbaycan dünyada ”kim güclüdür haqlıdır” prinsipinin önə çıxdığını da nəzərə alaraq torpaqlarımızın azad olunması məsələsində istənilən an addımlar ata bilər. Çünki bu gün Azərbaycan Ermənistandan bütün parametrlərə görə güclüdür. Üstəlik də nəzərə alsaq ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir Azərbaycanın gücü iki qat artmış olur. Bir halda da güclü haqlıdır prinsipi dünyada hakim roldadır, o zaman biz Ermənistandan həm gücümüzə, həm də beynəlxalq hüququn bizim tərəfimizdə olmasına görə güclüyük. Bunu işğalçı Ermənistan bilməlidir. Bunu dünyanı idarə etmək iddiasında olanlar da bilməlidirlər”.

Etibar SEYİDAĞA

Posted in Din

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində

C Fev 15 , 2019
Elmin inkişaf tarixi belə bir həqiqətə şahidlik edir ki, onun müxtəlif mərhələlərində əldə olunan bütün uğur və nailiyyətlər, sosial tərəqqini stimullaşdıran konseptual baxışlar, sivilizasiyanı irəliyə doğru hərəkət etdirən elmi kəşflər, innovativ yeniliklər bilavasitə yüksək mənəvi-əxlaqi keyfiyyətləri və dərin intellekti özündə birləşdirən şəxsiyyət fenomeni ilə bağlıdır. Məhz istedadlı, kreativ, parlaq zəkaya […]