“”Opinion Way”in sorğusu Azərbaycanda həyata keçirilən siyasətin düzgün olduğunu, xalq-lider birliyini bir daha təsdiq etdi””

Fransanın “Opinion Way” şirkəti tərəfindən aparılan sorğunun nəticələri Azərbaycan reallığının göstəricisidir. Sorğu bir daha təsdiqlədi ki, Azərbaycan vətəndaşı, seçicilər Prezident İlham Əliyevin yanındadır və ölkə başçısına etimad yüksək səviyyədədir.

ASTV.NEWS bildirir ki, bunu Trend-ə açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, təkcə Azərbaycanda deyil, eləcə də bütün dünyada liderin reytinqinin yüksək olmasını şərtləndirən əsas amil onun xalqla birliyidir. Ötən il keçirilən prezident seçkilərinin yeni institusional islahatlar üçün impuls olduğunu dilə gətirən siyasi ekspert söyləyib ki, bu müddət ərzində dövlət başçısı tərəfindən xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb, Prezident xüsusilə də vətəndaşlarla birbaşa təmasa girərək onların problemlərini öz dillərindən eşidib: “Ekspertlər də bildirirlər ki, əgər hər bir vətəndaşın Prezidenti ilə xəyali söhbəti reallaşırsa, bu, həmin ölkədə liderlə vətəndaş arasında hörmətin göstəricisinə çevrilir. Bu baxımdan görülən işləri, atılan addımları ölkədaxili vəziyyətin və Azərbaycan Prezidentinin fəaliyyətinin yüksək qiymətləndirilməsini təmin edən amillər hesab etmək mümkündür”.

B.Quliyev qeyd edib ki, ölkə başçısının 15 illik fəaliyyətinin məntiqi nəticəsi olan son bir il müddətində davam etdirilən siyasət sayəsində Azərbaycanda sosial, iqtisadi, mədəni inkişafla yanaşı, sabitlik, təhlükəsizlik də tam təmin olunub: “Prezident İlham Əliyev tərəfindən 15 ildə həyata keçirilən siyasət son bir ildə daha fərqli şəkildə diqqəti cəlb edir. Bildiyiniz kimi, bu gün Azərbaycan həm sosial, həm siyasi, həm də iqtisadi sahədə dünyaya inkişafın yeni modelini nümayiş etdirir. Son bir ildə Azərbaycan Prezidenti bütün bunlarla yanaşı, liderin vətəndaşlara olan münasibətinin də yeni modelini ortaya qoydu. Belə ki, dövlət başçısının müxtəlif görüşlərdə, tədbirlər çərçivəsində, baş verən hadisələr zamanı vətəndaşların yanında olması, onların problemlərinin həllinə operativ şəkildə reaksiya verməsi, problemləri onların öz dillərindən öyrənməsi artıq bütün dünya üçün yeni model, təcrübədir”.

Baş redaktorun fikrincə, “Opinion Way” kimi müstəqil bir şirkət tərəfindən həyata keçirilən sorğuda respondentlərə təqdim olunan bütün suallara verilən cavablarda dövlət başçısına göstərilən yüksək etimad bir daha sübut edir ki, Azərbaycan vətəndaşı ölkə rəhbərini, həyata keçirilən siyasəti dəstəkləyir:

“Məhz elə bunun nəticəsidir ki, “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1 faizi, “Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz?” sualına 90,5 faizi, seçkiqabağı vədlərin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala 75,6 faizi, kadr islahatları ilə bağlı suala 78,8 faiz müsbət cavab verib. Bununla yanaşı, “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində regionlar inkişaf edibmi?” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib. Prezidentin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri “çox yüksək”, 27,5 faizi “əsasən yüksək”, 14 faizi isə “qismən yüksək” kimi qiymətləndirib. Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib. Ümumilikdə götürsək, sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala “əla” kimi münasibət bildirib. Ümumiyyətlə, sorğu Azərbaycanda həyata keçirilən siyasətin düzgün olduğunu, xalq-lider birliyini bir daha təsdiq etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir