“Psixoloji yardım haqqında” qanunun tətbiqi niyə gecikir?

Şükran Dədəyev
Bakı Dövlət Universitetinin müəllimi,
Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı
Bu il yanvarın 25-də prezident İlham Əliyev “Psixoloji yardım haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Qanunun tətbiqini təmin etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib.
Amma 6 ay ötsə də bu sahədə lazımi addımlar atılmayıb. Halbuki bütün dünyada olduğu kimi ölkəmizdə də əhalinin psixoloji yardıma tələbatı və bu sahədə gözləntisi yüksək səviyyədədir.
Düzdür, bəzi təşklilatlar, xüsusilə Ədliyyə Nazirliyinin Pentinsiar Xidməti psixoloji yardımı çoxdan həyata keçirir. Penitensiar Xidmətdə psixoloji mərkəz, bütün cəzaçəkmə müəssisələrində isə xüsusi hərbi rütbəsi olan psixoloqlar fəaliyyət göstərir.
Psixoloji yardımın tətbiq edilməli olduğu sahələr sırasında təhsil və səhiyyə əsas yerlərdən birini tutur, qanunda da bu sahələrə ayrıca yanaşma var.
Təhsil Nazirlyi müəyyən işlər görməyə başlayıb. Nazirin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda ümumtəhsil məktəblərində psixoloji xidmətin gücləndirilməsi, inkişaf etdirilməsi, məktəb psixoloqlarının professional səviyyəsinin və əmək haqlarının artırılması, onların diaqnostik qiymətləndirilməsinin keçirilməsi əksini tapıb.
“Psixoloji yardım haqqında” qanun təhsilin bütün pillə və səviyyələrini (məktəbəqədər hazırlıqdan tutmuş ali təhsil müəssisələrinə qədər) əhatə edir. Ona görə də yeni hazırlanan “Ali təhsil haqqında” qanun layihəsinə “Ali təhsil müəssisəsində psixoloji xidmət” adlı maddə əlavə edilib. Yəni Azərbaycanın ali təhsil müəssisələrində də psixoloji xidmət göstəriləcək. Bəzi ali təhsil müəssisələrimizdə artıq bu xidmət var. Bağçalarda isə uşaq psixoloqunun olması təbii və zəruridir.
Səhiyyə Nazirliyi isə hələ ki, Nazirlər Kabinetinin qərarlarını gözləyir. Qanuna görə, ölkə əhalisi məhz səhiyyə müəssisələri vasitəsilə ilk dəfə olaraq ödənişsiz psixoloji yardımdan və konsultasiyadan bərhələnə biləcək. Bundan sonra “sahə həkimləri” kimi vətəndaşlara “sahə psixoloqları” da xidmət edəcək.  
Problemlərdən biri “Psixoloji yardım haqqında” qanunla işəgötürənlərin üzərinə düşən öhdəliklərlə bağlıdır. İşəgötürənlərin psixoloji yardım öhdəliklərinin yerinə yetirilməsində diqqəti cəlb edən ilk təşkilat Dövlət Neft Şirkətidir (SOCAR). Çünki bu şirkətin işi (xüsusilə də dənizdə) əsasən riskli və təhlükəli prosesləri əhatə edir. SOCAR-ın əsas istehsalat və təmir-tikinti fəaliyyəti (xüsusilə də dənizdə – neft daşlarında, Çilov adasında və dərin özüllərdə) Əmək Məcəlləsində müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi sayılan işlərə aiddir. Riskli, təhlükəli və növbəçilik əsasında fəaliyyət göstərən işçilərin üzləşdiyi psixoloji və mənəvi problemlərin də sayı çox olur və bu sahədə psixoloji yardım, konsultasiya ilə bağlı xüsusi layihələrin həyata keçirilməsi zərurəti yaranır. İşə yenicə başlayan neftçilər arasında da psixoloji uyğunlaşma baxımından problemlər olur. Bu da psixoloji yardımı və psixoreabilitasiyanı qaçılmaz edir.
SOCAR, peşə fəaliyyəti yüksək təhlükə mənbəyi sayılan iş xüsusiyyətlərinə malik digər təşkilatlar, bütün dövlət və qeyri-dövlət təşkilatları psixoloji yardımı ödənişsiz, qeyd-şərtsiz yerinə yetirməlidirlər. Bunu “Psixoloji yardım haqqında” qanunun 6.2.10, 7.2 və 7.4-cü maddələri tələb edir:
– 6.2.10. kollektiv əmək müqaviləsində nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır.
– 7.2. İşəgötürənlər bu Qanunun 6.2.10-cu maddəsində nəzərdə tutulmuş şəxslərin işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməsi və onun nəticəsindən asılı olaraq psixoloji yardımla təmin edilməsi üçün tədbirlər görməlidirlər.
– 7.4. Fiziki və hüquqi şəxslər əməyin təşkili, stresin aradan qaldırılması, münaqişələrin həlli, işçilərin iş potensialının artırılması və digər məsələlər ilə bağlı psixoloji yardım göstərən şəxslə bağlanmış müqavilə əsasında məsləhətlər və ya psixoloji treninqlər keçirmək hüququna malikdirlər.
Kütləvi informasiya vasitələri əhalini psixoloji yardımla bağlı maarifləndirici informasiyalarla təmin etməlidir. Ölkə əhalisi dövlətin verdiyi, xüsusilə də ödənişsiz psxioloji yardım hüququndan və imkanlarından xəbərdar olmalıdır.
“Psixoloji yardım haqqında” qanun əhaliyə ödənişsiz və ödənişli psixoloji yardımı göstərmək üçün lazım olan əsas hüquqi və sosial xüsusiyyətləri özündə əks etdirir. Qanun həm də əhalinin psixoloji yardıma ödənişsiz əlçatanlığını təmin etmək üçün real üstünlüklərə malikdir. Digər tərəfdən bu qanun psixoloqların professional və sosial hüquqlarının, öhdəliklərinin müəyyən edilməsinə, onların professional səviyyəsinin və maddi durumunun yaxşılaşmasına şərait yaradır. Qanunun geniş tətbiqindən sonra yüzlərlə ali təhsilli psixoloq işlə təmin oluna bilər.
…Ümid edək ki, Nazirlər Kabineti dövlət başçısının qoyduğu müddəti iki dəfədən artıq uzatmaq fikrində deyil.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Viza rejiminin ləğvi Ankara və Bakı arasında qardaş münasibətlərinin təzahürüdür" - Türkiyəli deputat

C İyl 26 , 2019
Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi Ankara və Bakı arasında qardaş münasibətlərinin təzahürüdür. Astv.news Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Parlamentinin deputatı Yaşar Qaradağ deyib. Deputatın sözlərinə görə, Türkiyə və Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir və bütün istiqamətlərdə inkişaf etməkdədir. Qeyd edək ki, ötən gün Türkiyənin xarici […]

Sosial

İdman

Video