Putin referendumu Leninin doğum gününə təyin etdi

Ekspert: “Onun saxtakarlığa ehtiyacı yoxdur, çünki ölkədə reytinqi çox yüksəkdir”

Rusiya prezidenti Vladimir Putin 22 apreldə konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın mətni Kremlin rəsmi saytında dərc olunub.

Putin bildirib ki, əgər vəziyyət tələb edərsə səsvermə təxirə salınaraq başqa vaxta təyin edilə bilər. Onun sözlərinə görə, vətəndaşların sağlamlığı hər şeydən üstündür.

Rusiyada referendumun Vladimir İliç Leninin doğum gününə təyin edilməsini bəziləri Vladimir Putinin mesajı kimi qiymətləndirir.

Bəs referendumla istəyinə nail ola biləcəkmi?

87827177_2981480768538155_1645119280645144576_n.jpg (44 KB)

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, referendumun 22 apreldə keçirilməsi baş tutacaq, əgər koronavirus təhlükəsi aradan qalxarsa. Hər halda, prezident Putin Kremldə Rusiya MSK sədri Pamfilovanı qəbul edərkən özü şəxsən belə deyib. Putin onu da vurğulayıb ki, vətəndaşların həyatı və sağlamlığı yeni konstitusiya dəyişikliklərindən daha vacibdir, çünki dövlətin prioriteti məhz bunlardır. Bu ümumxalq səsverməsi “konstitusiyaya Putin düzəlişləri” də adlanır: “Dəyişikliklərin Putinin özünün ömürlük Rusiyanı idarə edən 1 nömrəli şəxs statusunu qoruyub-saxlamasına xidmət etdiyi vurğulanır. Prezidentlik müddətini bir dəfə baş nazir postu ilə əvəz edən və bundan sonra daha 6 il üçüncü müddətə dövlət başçısı olacaq Putin dəfələrlə Rusiya prezidenti seçilib və saxtakarlıq olmadan. Konstitusiya dəyişikliyini, sadəcə, bu gücü legitimləşdirmək tədbiri hesab etmək olar. Putinin saxtakarlığa ehtiyacı yoxdur, çünki onun ölkədə reytinqi çox yüksəkdir. Prezident seçkilərindən əvvəl rəy sorğusu mərkəzləri də elə seçkidəki nəticələrə yaxın proqnozlar əldə etmişdilər, indi də onun reytinqi kifayət qədər yüksəkdir.

Putin qaydalara riayət edən oyunçudur. Məsələn, özü etiraf edib ki, düşməninə də hörmət edə bilər, amma satqınlara əsla! Onun bu yanaşması çekist keçmişindən gələn yanaşmadır. Dövlət düşmənlərinə qarşı amansız olmaq onun peşə fəaliyyəti və bundan irəli gələn tələblərin formalaşdırdığı düşüncə tərzinin nəticəsidir. O, Kremldə otursa da, Lubyanka düşüncəsi ilə Rusiyanı dünya siyasətində söz sahibi edib.

Bir vaxtlar oliqarxlardan Putinə qarşı istifadə etməyi düşünən Qərb bunun mümkün olmayacağını anlayanda onları sanksiyalar siyahısına əlavə etdi. Putin siyasi hakimiyyəti Yeltsindən təhvil almışdı, Qərbdə olduğu kimi oliqarxların dəstəyi ilə hakimiyyətə gəlməmişdi.

Rusiyada referendum ile ilgili görsel sonucu

Məsələn, ABŞ prezidentləri böyük maliyyə oliqarxlarının dəstəyi ilə hakimiyyətə gəlir və öz daxili, eləcə də xarici siyasətlərində ilk növbədə onların maraqlarını əsas götürürlər. Fransada, Almaniyada, digər Avropa ölkələrində də belədir. Oliqarxlar siyasətçilərin seçki kampaniyalarını maliyyələşdirir, onları hakimiyyətə gətirir və bu, “demokratik seçki” adlanır. Əslində burada heç bir demokratiya elementi yoxdur”.

Politoloq xatırlatdı ki, konstitusiyaya görə, Putinin indiki prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qərbi narahat edən 2024-cü ildən sonra Rusiyada Putinin yaratdığı üsul-idarəçiliyin qalıb-qalmayacağıdır: “Onları düşündürən budur ki, həmin müddətdən sonra Putinizm tarixə qovuşacaq, yoxsa Rusiyanın dövlət siyasəti konsepsiyası kimi davam edəcək?!

Təbii ki o, ölkəni təkbaşına idarə etmir, bu, fiziki cəhətdən də mümkün deyil. Prezidentin ətrafında etibarlı komandası var. Bu komandaya onun DTK dövründən tanıdığı dostları da daxildir. Putin oliqarxları sıxışdırdı, qubernatorların səlahiyyətlərini azaldıb, onları mərkəzi hakimiyyətə tabe etməyi bacardı. Onun Münhen təhlükəsizlik konfransındakı məşhur nitqi “Soyuq Müharibə”də məğlub olmuş SSRİ-nin siyasi-hüquqi varisi olan Rusiyanın bu məğlubiyyətlə barışmayaraq, revanş almaq strategiyasının dövlət başçısının dilindən parlaq, cəsarətli ifadəsi idi. Putinin özünün də qeyd etdiyi kimi, diplomatik şablonlardan uzaq həmin məşhur nitq yeni dünya nizamının bundan sonra yalnız Qərbin strateji planlaşmaları əsasında davam etməsinə imkan verilməyəcəyinə işarə idi. 1946-cı ildə başlayıb, 91-ci ildə başa çatmış birinci “Soyuq Müharibə”nin başlamasına “casus belli” Çörçillin Fulton nitqi olmuşdusa, ikinci “Soyuq Müharibə”yə “casus belli” Putinin 2007-ci ildəki Münhen nitqi oldu.

Rusiya fövqəldövlət olmaq iddiasını yenidən ortaya qoydu və bu iddiasını həyata keçirməyə başladı: Silah texnologiyalarının təkmilləşdirilməsi, yeni silah növlərinin hazırlanması, postsovet coğrafiyasına nəzarətin gücləndirilməsi, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan uğrunda Qərblə hibrid müharibəsi, dünyanın ayrı-ayrı bölgələrində nüfuz dairəsi uğrunda ABŞ-la və ümumən Qərblə rəqabət, birbaşa savaşlarda iştirak və Qərblə toqquşmalar, Rusiya imperiyasının və SSRİ-nin ənənəvi rəqibləri olan Türkiyə və İranla müttəfiqlik, avrasiyaçılığın yenidən dövlət konsepsiyası olaraq həyata keçirilməsi… Hesab olunur ki, Putin Əfqanıstana sovet qoşunları göndərmiş Brejnevdən sonra Rusiyanın ən aqressiv xarici siyasət yeridən dövlət başçısıdır. Qərbi narahat edən həm də odur ki, Putin uğurla Avropa Birliyində parçalanma yaradır, ABŞ və onun NATO-dakı müttəfiqlərini bir-birinə qarşı qoya bilib.

Rusiyada referendum ile ilgili görsel sonucu

Putin Böyük Avrasiya strategiyasını inkişaf etdirməkdədir. Onun üçün Avropa ilə münasibətlər həlledici əhəmiyyət daşımır. Dövlət idarəçiliyində olduğu qədər qlobal siyasətdə də məharət göstərən Putin rus xalqının “güclü çar” arzularının təcəssümüdür. Qərb onu nə qədər “avtoritar”, “qeyri-demokratik” lider kimi təşbehlərlə “mükafatlandırsa” da, rus xalqı 2000-ci ildən bəri onu dörd dəfə prezident seçməyə tərəddüd etməyib. Demokratiya hər bir xalqın iradəsinin ifadəsidirsə, Qərb rus xalqının seçiminə hörmətlə yanaşmanı qəbul etməlidir. Burada artıq məsələ Putində və onun şəxsiyyətində deyil, rus xalqının təfəkkür tərzində, keçdiyi tarixi təkamül yolundadır. Eyni zamanda bugünkü situasiyaya nəzər salsaq, onun hakimiyyətə gəlməsindən sonra əhalinin sosial durumu yaxşılaşıb, demoqrafik artım müsbətə doğru dəyişib. Bunlar rusların Putinə rəğbətini xeyli artırıb. Yəqin ki, Putin 2024-cü ildə Kremldən getsə belə, onun strategiyasını uğurla davam etdirə biləcək varis mütləq olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Milli Məclisin nəqliyyat vasitələri gündəlik dezinfeksiya ediləcək

Ca Mar 19 , 2020
Milli Məclisin avtoparkının balansında olan bütün nəqliyyat vasitələri gündə bir dəfə hökmən dezinfeksiya ediləcək. “Report” xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında qeyd edilib. Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə […]