Rusiyalı deputatlar İlham Əliyev barədə – RƏY

İlham Əliyevin 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərindəki inamlı qələbəsindən bir il ötür. Rusiya Federasiyasının Dövlət Dumasının deputatları Oxu.Az-a bu hadisənin Azərbaycan xalqı üçün daşıdığı önəmdən danışıblar:

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski

“Rusiya və Azərbaycan arasında dost və sabit münasibətlər mövcuddur. İndiki beynəlxalq situasiyada bu, ən vacib olanıdır. Bizim ölkələrin yolları ayrı deyil, biz bir çox sahələrdə tərəfdaşıq. Bu belə olub, indi belədir və bundan sonra da belə olacaq.

Prezident İlham Əliyev dahi atasının gördüyü işi davam etdirir. Bu, Azərbaycanın çiçəklənməsində özünü büruzə verir. Ölkədə yoxsulluqla mübarizə proqramı mükəmməl şəkildə işlənilib. Respublika enerji baxımından müstəqil ölkəyə çevrilib, üstəlik, çətin şəraitdə. Nəticə etibarilə, Azərbaycan bu gün post-sovet məkanının ən uğurlu iqtisadi ölkələrindən birinə çevrilib. Təbii ki, bu, öz-özünə baş verməyib. Ölkə başçısı İlham Əliyev nəhəng töhfələr verib. Heç də bütün dövlət başçıları onda olan müdriklik və təcrübəyə sahib deyil. O, xalqını tərəqqiyə doğru aparan əsl liderdir”.

Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin üzvü Sergey Jeleznyak

“Rusiya və Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır, dərin tarixi və mədəni köklərə malikdir. Azərbaycanın hazırkı prezidenti, təcrübəli siyasətçi İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanmasından sonra biz Azərbaycanla hərtərəfli əməkdaşlığı qoruyub saxladıq və ölkələrimizin ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyduq.

Bizim ölkələr arasında ticarət dövriyyəsinin hər il artdığının şahidi oluruq, nəqliyyat, energetika sahəsində əlaqələr möhkəmləndirilir, Xəzər dənizinin birgə mənimsənilməsi və istifadəsi üzrə layihələr inkişaf etdirilir. Xəzər dənizi hər zaman bütün region ölkələri üçün quruculuq və əməkdaşlıq məkanı olmalıdır.  

Energetika, nəqliyyat, ticarət, rəqəmsal iqtisadiyyat, xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələri, regionlararası əlaqələr, xarici arenada və bir sıra humanitar sferalarda əməkdaşlıqla yanaşı, təhlükəsizliyin məhkəmləndirilməsi məsələsi də böyük önəm kəsb edir. Bizim ölkələr heç də bəsit olmayan geosiyasi regionda, Yaxın Şərqin qeyri-sabit ocaqları yaxınlığında yerləşir. Hərbi-siyasi sahədə qarşılıqlı əlaqələrin qurulmasına hazırlıq həm regionda, həm də beynəlxalq müstəvidə Rusiya və Azərbaycanın mövqelərini gücləndirir.

Moskva və Bakının iqtisadiyyatın müxtəlif sahələrində böyük və hələ gerçəkləşməmiş potensialları var. Rusiyalı parlamentarilər azərbaycanlı həmkarları ilə mütəmadi olaraq əlaqə saxlayır və biz azərbaycanlı tərəfdaşlarımızla birgə layihələrin gerçəkləşdirilməsinə maksimum şərait yaratmağın, Rusiya və Azərbaycan xalqlarının rifahının yaşılaşdırılmasına yönəlmiş qarşılıqlı əlaqələrlə bağlı yeni təkliflər irəli sürməyin vacib olduğunu düşünürük. Bizim ölkələr neft-qaz sektorundakı fəaliyyətlərini aktiv şəkildə koordinasiya etməlidir, dəniz nəqliyyatı sahəsində əməkdaşlığı, dəniz limanlarını inkişaf etdirmək lazımdır. Bunun üçün isə inzibati və gömrük prosedurlarının sinxronlaşdırılmasına lüzum var”.

Rusiya Dövlət Dumasında “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov

“Hazırda Azərbaycan və Rusiyanın müxtəlif sahələrdə müşahidə olunan əməkdaşlığını kifayət qədər qənaətbəxş qiymətləndirmək olar. Daha yüksək qiymət də verə bilərdim. Ancaq bunu qəsdən demirəm, çünki bizim ölkələri qarşıda bundan da yüksək səviyyəli əməkdaşlığın gözlədiyinə əminəm.  

Bizim iqtisadi və hərbi-texniki sahələrdəki uğurlarımız hamıya məlumdur. Ancaq əminəm ki, biz başqa sahələrdə də əməkdaşlığı daha intensiv şəkildə inkişaf etdirməliyik. Rusiya və Azərbaycan qarşıya olduqca iddialı məqsədlər qoyur – söhbət əhəmiyyətli miqdarda yeni iş yerlərinin yaradılmasından, kiçik və orta biznesin inkişaf etdirilməsindən, ümumdaxili məhsulda qeyri-xammal payının artırılmasında gedir. Bu, o anlama gəlir ki, bizim bir çox oxşar problemlərimiz və bu problemlərin uğurlu şəkildə aradan qaldırılması üçün görüləcək çox işlər var.

Burada bizim əməkdaşlığın yeni perspektivləri açılır. Təkcə onların həlli ilə bağlı təcrübə mübadiləsində yox. İstənilən inkişaf, istənilən perspektiv gələcəyə açılan körpüdür. Gələcək isə gənclərin yolu və həyatıdır. Məhz ölkələrimizin gənc mütəxəssisləri arasında əməkdaşlıq Azərbaycan-Rusiya əlaqələrini yeni səviyyəyə çatdırmağa qadirdir. Məhz onların təzə ideyaları və yanaşmaları müasir suallara layiqli cavab tapmalıdır.

Ona görə də ikitərəfli münasibətlərdə əsas inkişaf perspektivini gənc mütəxəssislər arasında əməkdaşlıqda, onların milli problemləri həll etməyə, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə imkan verəcək birgə layihələri gerçəkləşdirməsində görürəm. Bu istiqamətdə də bizim qarşımızda geniş imkan açılır”.

Rusiya Dövlət Dumasının Komunnust Partiyasından olan deputatı, partiyanın Moskva şöbəsinin sədri Valeri Raşkin

“Müasir Azərbaycanın bugünkü inkişafı ölkə liderinin yürütdüyü siyasətin nəticəsidir. Bəli, iqtisadi artımın özəyində neft durur. Amma yataq və quyuların sayı heç də hər şey demək deyil.

Nefti hasil etmək, emal etmək, nəql etmək, satışdan əldə olunan gəlirləri isə ölkənin inkişafına ağıllı şəkildə yatırmaq lazımdır. Bu, onda alınır. Azərbaycan “neft iynəsinin” üzərində oturmayıb. Sərbəstləşib, təkcə bununla kifayətlənə bilərdi. Azərbaycan iqtisadiyyatının başqa sahələri də inkişaf edir, hakimiyyət bunun üçün siyasi səhnədə sabitliyin qorunmasını dəstəkləyir. Burada Əliyevin tutduğu mövqe özünü göstərir. Lazım olan yerdə qəti şəkildə “yox” deyir, razılaşan zaman isə sözünün üstündə durur. Bu prezident üçün çox vacib keyfiyyətdir.

Beynəlxalq səviyyədə Əliyev həm Rusiya, həm İran, həm də Türkiyə ilə əlaqələr saxlayır və bu əlaqələri möhkəmləndirir. Nəticə göz qabağındadır. Diplomatik cəbhədə bu istiqamətdə hər hansı sarsıntı müşahidə olunmur.

Qeyri-sabit Qafqaz regionunda Azərbaycan üçün sabitlik və asayişi təmin edən qüvvə olaraq qalmaq son dərəcə vacibdir. Ölkənin geniş imkanları, iqtisadi potensial və hərbi qüdrəti var.  Əliyevin xeyrinə onu da deyə bilərik ki, xırda məsələlərin həllini tapması üçün bu rıçaqlardan istifadə etmək fikrinə düşmür”.

Rusiya Dövlət Dumasında Liberal-demokratlar partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski

“Azərbaycan bu gün uğurlu dövlət, hətta deyərdim Cənubi Qafqazın ən güclü iqtisadi dövlətidir. Ölkənin mürəkkəb tarixi, mürəkkəb geosiyasi situasiyası var. Ancaq hakimiyyət seçilmiş kursla, hər hansı dönüş etmədən irəliləyərək, bunun öhdəsindən layiqincə gəlir. Azərbaycan bir yandan öz əcadlarının adət-ənənələrini, mədəniyyətini qoruyub-saxlayan mühafizəkar dövlət, digər yandan mədəni və iqtisadi aspektdə inkişaf edən, bütün yeniliklərə qapısını açan dövlətdir.

Bakı həm şimal qonşusu – Moskva, həm də cənub qonşusu Ankara ilə dost münasibətləri saxlayır. Bu, çox müdrik bir siyasətdir. Azərbaycan Rusiya ilə əlaqələri kəsməməlidir. Bu, həm onlar üçün, həm də bizim üçün vacibdir. Sevindirici haldır ki, ölkədə rusafoblar yoxdur, əksinə, rusiyalılara yaxşı münasibət var, rus məktəbləri və teatrları fəaliyyət göstərir. Bizi tarix birləşdirir, indiyə kimi dil və mədəniyyət birləşdirir. Bunu unutmaq olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir