Səttar Möhbalıyev: “Prezident əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri diqqət mərkəzində saxlayır”

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır” mövzusunda yığıncaq keçirilib.

Actv.news xəbər verir ki, yığıncaqda AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinin hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olduğunu bildirib:

“Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Ölkə Prezidentinin bilavasitə göstərişləri ilə həyata keçirilən islahatların nəticələri iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpmaqdadır”.

S.Möhbalıyevin sözlərinə görə, ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir:

“Belə ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdı. Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı da 180 manatdan aşağı olmayacaq”.

AHİK sədri vurğulayıb ki, Prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır:

“Prezident İlham Əliyev keçirdiyi son müşavirədə uzun müddətdir əhalini narahat edən problemli kreditlərlə bağlı bildirdi ki, bu gün, sadəcə anons vermək istəyirəm ki, “bu məsələ artıq yekunlaşmaq üzrədir”. Prezident verdiyi anonsdan dərhal sonra fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bununla da bir daha sözünün arxasında əməl dayandığını dünyaya nümayiş etdirdi.

Fərmana əsasən, devalvasiya nəticəsində borcun artan və hesablanmış faiz hissələri dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan məbləğ restukturizasiya ediləcək, yəni şərtlər dəyişdiriləcək.

Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu.

İlham Əliyevin digər fərman və sərəncamları kimi, imzaladıgı bu sənəd də sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, deməli, həm də rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Bu fərmanla bir daha sübut olundu ki, Azərbaycan dövləti qarşısında onun vətəndaşının mənafeyindən üstün heç nə yoxdur.

Digər tərəfdən, hamımız birmənalı şəkildə şahidik ki, qısa müddət ərzində bu qədər sosialyönümlü qərarların verilməsi dünyada görünməmiş bir hadisədir”.

Tədbirin sonunda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir