Seçkilərdən sonrakı müxalifət

Plan və proqramlarını açıqladılar

Parlament seçkilərindən 40 gün keçir. Seçkilərdə parlamentə düşməyən müxalifətin qarşıdakı dövr üçün plan və proqramları varmı? Koronavirusun və neftin qiymətlərinin enməsinin dünya üçün gətirdiyi böhrana müxalifət düşərgəsinin münasibəti necədir? Müxalifət qarışıqlıq və panikadan öz siyasi çıxarları üçün istifadə edərmi, iqtidardan vurulmuş məmurlar təmas, bağlılıq istəsə, onlarla təmasa və onların maliyyə dəstəyinə razılaşarmı?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, seçkidən keçən müddətdə partiya olaraq əvvəlcədən planlaşdırdıqları cari işlərlə məşğul olurlar.  Koronavirusun və neftin qiymətinin enməsinin gətirdiyi böhrana isə həm eyni, həm də fərqli mövqedən yanaşmaq lazımdır: “Birincisi, hər iki amil bütün dünyanın siyasi, iqtisadi və digər sahələrində ciddi təlatüm yarada bilib. İkincisi, neftin qiymətinin düşməsi neft istehsal edib satan, iqtisadiyyatı neft amilindən asılı olan ölkələrə mənfi mənada çox ciddi təsir edib, əksinə, neft idxal edən ölkələrə təbii ki, neftin qiymətinin düşməsi çox sərfəlidir. Əsas əziyyət çəkən ölkələrdən biri Azərbaycan olacaq. Çünki bizim iqtisadiyyatımız birbaşa neft amilindən asılıdır. Hələlik Neft Fondunda müəyyən vəsaitin olması müəyyən dövr üçün sabitliyi qoruya biləcək. Amma neftin, təbii qazın uzun müddət aşağı qiymətdə qalması təbii ki, ciddi problemlər yarada bilər. Müxalifət belə şəraitdə necə hərəkət edəcək? Bütün hallarda BAP ölkədə xaosun, qarışıqlığın əleyhinədir. Biz çıxış yolları axtarmalıyıq və ölkəmizi gözlənilən təhlükədən çıxarmağı bacarmalıyıq”.

E.Musayev həmçinin dedi ki, iqtidardan vurulmuş məmurlar müxalifət olaraq onlara maliyyə dəstəyi təklif etməyib. Olmayan bir şey barədə fikir bildirmək isə ciddi sayılmaz.

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, partiya olaraq fəaliyyətləri davam edir. Təşkilat və təbliğat məsələlərini artırırlar: “Bildiyiniz kimi, parlament seçkilərinin 4 dairə üzrə nəticələri ləğv olunub. Həmin o 4 dairənin ən azı 3-də AĞ Partiya seçkilərdə iştirak edəcək. Parlament seçkilərindən sonra qanunvericiliydə dəyişikliklərlə bağlı gözlənilən referendum anonsu verilib. AĞ Partiya olaraq bu referendumda da fəal iştirak etmək niyyətindəyik. Koronavirus və neftin qiymətlərinin enməsinin dünya boyu üzrə gətirdiyi böhranı diqqətlə izləyirik. Əvvəla onu deyim ki, bu məsələlərlə bağlı qətiyyən panikaya düşmək lazım deyil. Koronavirus həm də bir psixoloji durumdur. Panikaya uymaq qətiyyən olmaz. Guya Çində başlayan bir virus bu ölkənin yan-yörəsində olan Hindistan, Monqolustan, Laos, Kamboca və s ölkələrdə yayılmır min kilometrlərlə uzaqda olan əsasən də katolikliyin mərkəzi İtaliya və şiəliyin mərkəzi İranda, özü də yüksək rütbəli dövlət adamlarının arasında yayılıb. Adi qripdən  ildə dünyada qat-qat çox adam ölür. Mən hələ digər xəstəlikləri demirəm. Koronavirus dünya miqyaslı bir maxinasiyaya oxşayır.

Elşad Musayev ile ilgili görsel sonucu

Bu məsələdə partiya olaraq çox sakitik. Əhalimizi də sakitliyə çağırırıq. İsveç, Hollandiya kimi inkişaf etmiş ölkələrdə dövlət müəssələri, təhsil ocaqları, özəl sektor hətta idman yarışları həmişə olduğu kimi fəalliyyətini davam etdirir. İsveçin elm adamları da təsdiq ediblər ki, koronavirusla bağlı yayılan vahimə, panika virusun özündən daha çox yayılır, təhlükəlidir. Odur ki, vahiməyə uymaq, panikaya düşmək qətiyyən olmaz. Neftin qiymətinin düşməsinə gəldikdə, fikrimcə, bu çox davam etməyəcək. Neftin qiyməti 50-60$ normal səviyyəsinə qalxacaq. Bu məsələdə də əhalimiz soyuqqanlı olmalıdır, olan-qalan pulunu tez-tələsik manatdan dollara çevirməməlidir. O ki qaldı müxalifətin bu məqamlarda fəaliyyətinə, milli müxalifət hər zaman olduğu kimi, çətin zamanlarda da dövlətinin yanında olmalıdır. Bizdə hakimiyyət və dövlət məfhumlarını dəyişik salırlar. Hakimiyyətlər gedər-gələrdir, dövlət isə daim qalandır. Dövlətin daim ayaqda qalması üçün fərq etməz hansı mövqedən, pozisiyadan çıxış edirsən, milli qüvvəsənsə, dövlət babanın yanında olmalısan”.

AMİP katibi Əli Orucov isə qeyd etdi ki, ictimai-siyasi proseslərə az-çox təsr göstərə bilən müxalif siyasi partiyaların parlament qapısı arxasında saxlanılması yaxşı əlamət deyil və bu, radikal, təxribatçı qüvvələrin meydan sulamasına geniş imkanlar yaradacaq. Müxalifət partiyaları indi elə bir durumdadır ki, bu durumdan yürüdülən siyasətin belə davam edəcəyi təqdirdə tezliklə çıxa biləcəyi çətin görünür: “Təbii ki, müəyyən cəhdlər və səylər var. Partiya olaraq biz də proqressiv təşəbbüsləri dəstəkləyirik. Yaranmış situsiya müxalifət düşərgəsini də sınaq qarşısında qoyub. Çünki dövlətin və millətin taleyinə biz də məsuliyyət daşıyırıq. Bu il partiya qurultayını keçirməyi hədəfləyib. Eyni zamanda yenidən təşkilatlanma, partiyaya yeni və gənclərin qəbulu, eləcə də beynəlxalq əlaqələrin daha da genişləndiriməsi məsələlərinə daha çox önəm veriləcək. Çalışacağıq ki, qərargah probleminin həllinə nail olaq. Çünki indiki darısqal müvəqqəti gərargahda fəaliyyət göstərmək çox çətindir.

Bu il çox çətin başladı və böhranın nə vaxt səngiyəcəyi isə hələ dəqiq bilinmir. Dünyanı bürüyən iqtisadı və koronavirus kimi dəhşətli bəlanın Azərbaycandan az itkilərlə ötüşəcəyinə ümid edirəm və bu işdə həm bir vətəndaş olaraq, həm də partiya olaraq dəstəyimizi əsirgəmərik. Doğrudur, bəziləri neftin qiymətinin düşməsini və bunun yaradacağı fəsadları fürsət kimi bilə bilər,  ancaq mən hesab edirəm ki, qlobal böhranın Azərbaycanın qapısının ağzına dirənməsi narahatvericidir. Azərbaycanda hansısa kataklizmlərin, qarışıqlıqların, böhranın, panikanın olmasını qətiyyən istəməzdim.

Gələcəkdə də hakimiyyətin yürütdüyü siyasət nəticəsində meydana çıxacaq radikal və dini təmayüllü,  yaxud da anarxist qüvvələr istifadə etməyə çalışacaq. AMİP fürsətcil partiya deyil və biz bunu dəfələrlə əməli fəaliyyətimizlə sübut etmişik”.

Əli Orucov ile ilgili görsel sonucu

Əli Orucov dedi ki, iqtidardan vurulmuş kadrlar sonradan qeyri-rəsmi ev dustaqlarına çevrilirlər. Onların hər addımı nəzarətdədir. Həmin kadrların özlərinin iqtisadi maraqları imkan verməz ki, hansısa müxalifət partiyasına qoşulsun, hansısa formada əlaqə yaratsın: “İndiyədək vəzifəsindən uzaqlaşdırılan kadrların heç biri müxalifətlə hər hansı bir bağlantı qurmayıb. Çünki qorxur, əlindəkiləri, haram yolla qazandıqları sərvəti itirməkdən ehtiyat edir. Bu baxımdan da vəzifələrindən uzaqlaşdırılan şəxslərin siyasətə, siyasi proseslərə, yaxud müxalifət sıralarına qoşulacağını zənn etmirəm. Ola bilər nə vaxtsa zamanı çatanda özləri hansısa siyasi güc formalaşdırsınlar. Onların xilası, revanşları, yaxud qisası üzdə olan müxalifət partiyaları ilə mümküm görünmür”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zakir Həsənov və Məhərrəm Əliyev cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olublar- VİDEO

Ç Mar 18 , 2020
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən bir sıra hərbi hissələrə səfəri […]