Unudulan və dəyişən TOY ADƏTLƏRİMİZ – “İndi oğlanın özü də elçilikdə iştirak edir”

“Xalqımın toy kimi bir adəti var, bu cür el adətinə hörməti var”.

Bu stat yəqin ki, hamımıza “Bəyin oğurlanması” filmindən tanışdır. Bəli, kökü yüz illiklərə dayanan bir adət-ənənə də toy mərasimləri ilə bağlıdır. Hələ elçilik mərasimindən başlayan bu qədim adət-ənənələr toyun sonuna kimi davam edir. Lakin indi demək olar ki, bizim müasir toylarımız keçmiş toylardan tamamilə fərqlənir. Rayon toylarında müəyyən qədər adət-ənənə yaşadılsa da, demək olar ki, paytaxtdakı toyların bu işlərdən uzaq düşdüyünün şahidi oluruq.

Maraqlıdır, unudulan toy adət-ənənələrimiz hansılardır? Keçmiş və müasir toylarımız arasındakı fərqlər nədən ibarətdir?

Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnistutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev danışıb. O, mövzuya elçilik məsələsindən başlayıb:

“Toy adətlərindən danışarkən ilkin olaraq elçilik məsələsindən başlamaq istəyirəm. Əvvəllər oğlan tərəfin ağsaqqaları, ağbirçəkləri qız tərəfin yaxınları, ailəsi ilə görüşürdülər. Bu mərhələ bir neçə dəfə təkrarlandıqdan sonra qız tərəfdən razılıq almaq olurdu. Prosesin uzanması qızın qohumlarının oğlan tərəfini daha yaxşı tanıması üçün olurdu. İndi amma elə olur ki, elçiliyə ağsaqqal, ağbirçək aparılmır sadəcə oğlanın ata və anası gedir, ya da oğlanın özü də elçilikdə iştirak edir. Düşünürəm ki, oğlanın elçiliyə getməsi düzgün sayılmaz. Bundan başqa gənclərin bir-birini tanıma mərhələsində yaxşı olardı ki, onlar ağsaqqalardan da məsləhət alsınlar. Çünki böyüklərin xeyir-duası hər zaman önəmlidir, onlar öz övladlarını heç vaxt pis yola çəkməzlər. Adətən təcrübədən də belə görünür ki, bir-birini tanımayan ailələr arasında qurulan nikahlar daha tez pozulur. Lakin bir-birini tanıyan, əvvəldən oğlan və qız evi arasında get-gəl olan ailələrdə münasibətlər daha sağlam və uzunömürlü olur. Toydan qabaq əvvəllər nişan mərhələsi olurdu və bu mərhələdə oğlan və qız tərəfdən 20-30 nəfər qohum iştirak edib bir-birini tanıyırdı. Amma indi əlavə xərclər çıxmasın deyə, çox vaxt bu mərhələni adlayırlar. İndi çox vaxt elçilikdən sonra birbaşa toy keçirilir”.

Həmsöhbətimiz qeyd edir ki, hazırkı toylarda unudulan adət-ənənələrdən biri bəyin yanında sağdış, soldışın olması ilə bağlıdır.

“Toyu ən maraqlı edən adamlardan biri də məhz bu adamlar idi. Tək bəyin yox, gəlinin də bu cür yaxınları var idi. Onlar sanki bütün toyu əldə saxlayır, prosesin şən keçməsinə can atırdılar. Sağdış adətən evli, soldış isə subay olurdu. Bu şəxslər sanki bəy və gəlinin qoruyucuları idi. Hətta bəzi bölgələrdə bəy ya sağdışın, ya da soldışın evindən çıxıb toya gedirdi. Toyda bəyin və gəlinin yanında yengə də olurdu ki, bu adam da hər iki tərəfin ən yaxınlarından seçilirdi və toyun sonunadək onların yanında qalırdı. Bundan başqa, gəlini evlərindən götürəndə onların həyətindən oğlan evi üçün toyuq götürürdülər. Bu kimi adətlər müasir toylarımızda yoxdur”.

Ə.Vəliyev son dövrlər toylarda vağzalı havasının da yavaş-yavaş unudulduğunu deyir:

“Müasir toylarda rəqs qruplarının iştirakı, bir çox müğənnilərin dəvəti yeni ailə quran cütlüyün ziyanınadır. Çünki bütün bunlar əlavə xərc deməkdir, yeni ailə quran cütlüyün isə qayğıları çox olur. Yaxşı olardı ki, toylarda qonaqlar qədim rəqslərimizi, yallı ifa etsinlər, xalq mahnıları oxunsun. İndi toyda demək olar ki, başdan-ayağa xarici mahnıları ifa edirlər ki, ələxsus orta və yaşlı nəsil bu mahnılar oxunarkən rəqs etmək istəmir. Eyni zamanda, indi həyət toylarının da yavaş-yavaş sıradan çıxdığını, unudulduğunu görürük. Lakin restoranlardan fərqli olaraq həyət toylarında inhisarçılıq olmur, milli yeməklərə daha çox üstünlük verilir. Əvvəlki toylarda bəylə gəlinin başına şirniyyat səpilirdi, lakin indi demək olar ki, bu ənənəyə rast gəlmirik. Keçmişdə toy zamanı bəy öz toyunda çox oturmazdı, bəytərifi, bəyoynatma zamanı toy çadırına daxil olardı. Gəlin isə ümumiyyətlə toyda görünmürdü, öz evlərindən gətirib bəyin evinə qoyurdular. Gəlinin üzünə bəyaz örtüyün üzərindən bir dənə də qırmızı örtük örtülərdi. Gəlin öz toyunda çox dəyişildiyi üçün şər ruhlardan, bəd nəzərdən qorunmaq üçün bunu edirdilər. Bundan başqa gəlin gəldiyi evə daxil olan kimi şər ruhları qorxutmaq və şər-xətadan uzaq olmaq üçün ayağının altında boşqab sındırırdı. Çünki gəlin evə axşam, şər qarışanda daxil olurdu, buna görə də şər ruhları qorxutmaq mütləq sayılırdı. Bundan başqa, gəlin evə gələndə qucağına körpə oğlan uşağı da qoyardılar ki, oğlan nəslin davamçısıdır. Gəlinin əlini bala batrıb qapının astanasına yaxmaq, başı üzərində çörək kəsmək, ovcuna düyü qoymaq evin bərəkətli olması üçün idi”.

astv.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aİİ tələbələrin ölkədə həyata keçirilən könüllülük fəaliyyətində fəalllığına xüsusi əhəmiyyət verir

Ca Yan 9 , 2020
Bildiyimiz kimi, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini gücləndirmək, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Ölkəmizdə könüllülük fəaliyyəti artıq bir çox sahəyə nüfuz edərək, böyük hərəkata […]